Sevimli

Bala

Uşaqlara ən gözəl gələcək!

Sizin səbətiniz boşdur

Bizim qizimiz olacaq!

Zuleyxa İsmaylova
30:11:-0001

Kişilərin əksəriyyəti oğlan atası olmaq istəyir, bu istək ilk övladla bağlı daha güclü olur. Güclü cinsin bəzi nümayəndələrində bu hiss o qədər ifratlaşır ki, onlar qız uşağının doğulması barədə heç eşitmək belə istəmirlər.  Bəziləri hətta həyat yoldaşlarından oğulları olana kimi doğmağı tələb edirlər. Belə hallar xüsusən Qafqaz xalqları arasında daha geniş yayılmışdır və əsasən də onunla bağlıdır ki, ailədə oğul övladın doğulması nəslin davamına zəmanət yaradır, bu da soyadın itməməsi deməkdir.

Bundan əlavə, kişilər hesab edirlər ki, oğlanları ilə dil tapmaq onlar üçün daha asan olacaq, onların birgə maraqlı məşğələləri olacaq, həmişə yaxın söhbət üçün ortaq mövzular tapılacaq. Oğulla uşaqlıqda olduğu kimi, yenidən futbol oynamaq, oyuncaq maşınlarla məşğul olmaq imkanı yaranacaq.

Psixoloqlar bu istəkdə daha bir səbəb görürlər. Məsələ bundadır ki, kişilər oğlanları vasitəsi ilə  nail ola bilmədikləri arzularını həyata keçirmək, hansısa plan və heysiyyətlərini ödəmək imkanı əldə etmək istəyirlər. 

Ancaq bir çox hallarda kişilərin qızları olacağını bildikdə yaşadıqları təəssüf hissi çox tez bir zamanda heyranlıqla əvəz olunur.  Bundan əlavə,  belə bir fikir də var ki, hətta dəlicəsinə oğlan arzulayan kişilər də məhz qızlarına daha çox qayğı və diqqət göstərirlər.  Bu mövzu ətrafında mülahizələr irəli sürərkən beş əsas dəlil göstərmək olar. Gəlin bunları araşdıraq.

1. «Mənim atam hamıdan güclüdür».

Hər bir kişinin mənliyini oxşayan belə xoş sözləri qızdan başqa, daha kimdən eşitmək olar? Qızlar üçün ata əsl qəhrəman və  müdafiəçidir, məhz qızlar ataları ilə fəxr edirlər.  Çox zaman qızlar xəyallarında gələcək sevgililərini atalarına bənzədirlər.  Bir qayda olaraq, elə özləri üçün belə həyat yoldaşı da seçirlər. Deməli, qız atası olan hər bir kişi özünü əminliklə təqdir obyekti və ideal hesab edə bilər və razılaşın ki, bu, çox xoş bir haldır.

2. Şən oyunlar və asudə vaxt.

Güclü cinsin nümayəndələri əbəs yerə belə hesab edirlər ki, guya qızlarla ancaq kuklalarla oynamaq mümkündür, başqa heç bir şeylə əylənmək olmur, onları yumşaq dovşanlar və digər oyuncaqlardan başqa, heç bir şey maraqlandırmır. Ancaq əslində qızlar da oğlanlar kimi çox aktiv olurlar.  Hər bir qız məmnuniyyətlə atası ilə top dalınca qaçacaq, velosiped sürəcək, hətta hər hansı bir texnika ilə də əlləşəcək, bunu heç olmasa, qadınların hər bir şeylə maraqlanmaqları ilə izah etmək olar. Üstəlik əgər qızınıza kukla əvəzinə maşın və ya dəmir yolu bağışlasanız, onunla birlikdə maraqlı  yarışmalar keçirə bilərsiniz, bu sizə xoşbəxt gülüş və dünyalar qədər sevinc bəxş edəcək.

3. «Atam mənim ən yaxşı dostumdur».

Adətən, qızların ataları ilə ən səmimi münasibətləri formalaşır. Yetkinlik dövründə qızlar hər bir məsələdə ataları ilə məsləhətləşməyi, məktəbdəki uğurları və gələcək planları ilə bölüşməyi xoşlayırlar. Oğlanlar isə böyüdükcə evdə daha az olmağa başlayırlar, vaxtlarının çoxunu dostları ilə küçədə keçirməyə üstünlük verirlər. Həm də yeniyetmə oğuldan xüsusən də dərsləri, gələcək planları barədə çox zaman bir kəlmə söz də almaq mümkün olmur. İstənilən sual oğlanları qıcıqlandırır və narazı edir. Oğlanlar özlərinə olan qayğını onların şəxsi aləmlərinə təcavüz kimi qiymətləndirirlər.  Buna görə də qızlarla çox az hallarda münaqişəli vəziyyətlər yaranır.

4. Mehribanlıq və qayğı.

Qızlar həmişə mehriban və zərf olurlar, yaxınları və doğmalarının qayğısına qalmağa çalışırlar. Ata xəstə olanda qız anası ilə birlikdə onun qayğısına qalır, ona kömək etmək, nəvaziş göstərməyə çalışır. Bir qədər böyüdükdən sonra qız böyük həvəslə  atasının sevimli yeməklərini hazırlayır. O həmişə evdə səliqə-sahmana nəzarət edir, atasının nəyi və haraya qoyduğunu həmişə bilir, o nəyi isə axtaranda dərhal tapır.

5. Atanın fəxri.

Qızlar da atalarının gənclik çağlarında yerinə yetməmiş hər hansı bir arzusunu doğrulda bilirlər.məsələn, ata vaxtilə məşhur cərrah olmaq istəmişdir, ancaq müəyyən səbəblərə görə arzusuna çatmamışdır.  Qızı isə bir vaxtlar atasının arzuladığı kimi, tibb sahəsini seçmək istəyir və bu sahədə böyük uğurlar əldə edir. Məgər bu, qürur üçün əsas deyilmi?  Bundan başqa, qız da ailəsinin soyad davamçısı ola bilər.  Gər sizin qızınız özünə hər hansı bir yaradıcılıqla bağlı peşə seçmişdirsə, əmin ola bilərsiniz, sizin soyadınız heç bir zaman itməyəcək, bəlkə də sevimli qızınızın istedadı nəticəsində bütün dünyada şöhrət tapacaq.

Əlbəttə, elə kişilər tapılır ki, bütün bu dəlilər onlara gərək olmur, onların yeganə arzusu uşağının sağlam doğulmasıdır. Sözsüz ki, belə kişilər ən böyük hörmətə layiqdirlər, çünki uşaq Tanrının töhfəsidir və bunu cinsindən asılı olmadan böyük minnətdarlıqla qəbul etmək lazımdır.